
"Azərbaycan üzərində qələbə xüsusi zövq verir, çox vacib idi"
- 15 Noy 2021 15:21
- 610
“Son oyunumuzda İrlandiya önündə uğurlu nəticə əldə edərək, qrupu üçüncü pillədə başa vurmaq istəyirik”.
Rekord.az xəbər verir ki, bunu Lüksemburq yığmasının qapıçısı Ralf Şon DÇ-2022-nin seçmə mərhələsində sabah İrlandiya ilə keçiriləcək son oyunla bağlı danışarkən deyib.
31 yaşlı qolkiper iki gün əvvəl Bakıda Azərbaycan millisi üzərində qazandıqları 3:1 hesablı qələbəni də dəyərləndirib. O, Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə almasının həlledici olduğunu söyləyib:
“Azərbaycan üzərində qələbə çox vacib idi. Rəqib meydanda azlıqda qaldıqdan sonra oyuna nəzarəti tamamilə əlimizə keçirdik. Ancaq bu üstünlüyü dərhal qol vura bilmədik. Səfər qələbəsi hər zaman xüsusi zövq verir”.
Son tur öncəsi Lüksemburq 9 xalla 3-cü, İrlandiya 6 xalla 4-cü pillədə qərarlaşır. Seçmə mərhələdə çıxışını başa vuran Azərbaycan millisinin aktivində cəmi 1 xal var.