Futbol üzrə Belarus yığmasının yarımmüdafiəçisi Valeri Boçerov UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Rekord.az xəbər verir ki, o, qolsuz başa çatan matçdan sonra bunları söyləyib:

“Nəticə bizi məyus etdi. Çünki sonluqda çox yaxşı şanslarımız var idi. Sadəcə, qol vura bilmədik. Bilmirəm, bəlkə də yenə uğur çatışmadı. Görünür, imkanlardan yararlanma faizimiz çox da yaxşı deyil. Son 6 rəsmi qarşılaşmada cəmi 1 qol vurmuşuq. Bu, fürsətləri dəyərləndirə bilməməyimizlə əlaqədar ola bilər. Çünki müdafiəmizdə hər şey yaxşıdır, çox az top buraxırıq. Ötən oyunda 1 top buraxmış və rəqibə çox da fərqlənmək imkanı verməmişdik. Azərbaycanla oyunda isə yaradılan imkanların sayında rəqibi üstələdik. Hücumlar, onları məntiqi sonluğa çatdırmaq üzərində işləyəcəyik”.

Boçerov matçın kobud alınmadığını söyləyib: "Sadəcə, rəqib futbolçular bizi daha çox təxribata çəkməyə çalışırdılar. Buna görə də kənardan belə göründü. Azərbaycan millisinin səviyyəcə bizimlə bərabər olduğunu deyə bilərəm. Amma açığı, məni heç nə ilə təəccübləndirmədilər. Sadəcə, topu özlərində daha çox saxladılar”.