Həmişə olduğu kimi, bu mövsüm də Azərbaycan kubokunun finalının hansı stadionda keçiriləcəyi hələlik məlum deyil. Güman ki, PFL hər il olduğu kimi, bu dəfə də məkanı finala 1-2 ay qalmış açıqlayacaq. Halbuki bütün Avropada mövsümün əvvəlindən  finalın məkanı açıqanır. Bu dəfəki finalın harada keçirilcəyinə dair yenə müəyyən müzakirələr aparılır. Əslində bizdə elə də çox stadion yoxdur ki, seçimdə də çətinlik olsun. Bölgələrədən söz düşəndə ən real namizəd Qəbələ olur, orda da artıq bir dəfə keçirilib. Gəncədə və eləcə də digər bölgələrədə də şərait yoxdur. Lənkəranı da AFFA çoxdan siyahıdan silib. Qalır Bakıdakı stadionlar. Respublika stadionu, "Dalğa Arena", "Bakcell Arena". Masazırdakı "Bank Respublika"da da artıq keçirilib. Halbuki futbolun kütləviliyi baxımından bu cür oyunların bölgədə keçirilməsi çox önənlidir. Yaxşı bir variant təklif edim. 2021-22-ci il mövsümünün kubok finalını harda keçirmək olar? Qubada.

 

Məlum olduğu kimi, bu yaxınlarda yenidən qurulan Quba Olimpiya Kompleksinin açılışı oldu. Açılışda şəxsən ölkə prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva da iştirak etdi. Kompleksin nəzdində olan stadion da əsaslı təmir olunaraq idman ictimaiyyətinin ixtiyarına verilib. Belə demək mümkünsə, super şərait yaradılıb. Kompeksin ərazisində ən yüksək şəraitə malik otel də var. 6600 nəfərlik tamaşaçı tutumuna malik stadion da göz oxşayır. Ot örtüyü təbii, işıqlandıra sistemi yeni. Üstəlik, finalın təsadüf elədiyi may ayının sonları Quba cənnəti xatırladır. Nəzərə alsaq ki. Qubanın Premyer Liqada və I Divizionda təmsilçisi yoxdur, o zaman finalçılar üçün də stadion neytral hesab olunacaq. Bir sözlə, əsl finallıq stadion. Ümid edirəm ki, AFFA və PFL də bu məsələdə çox baş sındırmayacaq. Unutmayaq ki, dövlət bir ətək pul töküb bu stadionları ona görə tikir ki, onlardan istifadə olunsun.

 

Anar XANLAROV