"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Rekord.az-a müsahibə verib:

 

 

- Qış fasiləsini komandanız üçün necə dəyərləndirərdiniz, "Araz Naxçıvan" "Qarabağ"la oyuna nə dərəcədə hazırdı?

- Hazırlığımızı həm Bakıda, həm də Qəbələdə keçirdik. Dörd gün Qəbələdə olduq, elə gün oldu gündə iki dəfə məşq elədik. Baxmayaraq ki, bir gün qara düşdük, amma şərait elə idi ki, hazırlığımıza təsir etmədi, həm hazırlığı, həm də yoldaşlıq görüşünü yüksək səviyyədə keçirdik. Baxmayaraq ki, "Qəbələ"yə 0:2 məğlub olduq, amma oyun bizim üçün xeyirli oldu. Ümumiyyətlə, hazırlıq dönəmində iki yoxlama oyunu keçirdik. Amma təəssüf ki, yenə də yaradılan imkanlardan yetəri qədər istifadə edə bilmirik. "Qarabağ"la oyuna qədər olan müddəti bunun üzərində çalışırıq. Müdafiə, yaradıcılıq, sürət baxımından problem yoxdur. Yeganə problemimiz dediyim kimi, yaradılan qol imkanlarını reallaşdıra bilməməyimizdir. Yoxlama oyunlarında da 5-6 epizod oldu hansı ki, 70-80-lik epizodlar olsa da, qola çevirə bilmədik. Bu da istər-istəməz məğlubiyyətə gətirib çıxardır. Düzdür, yoxlama görüşlərində nəticə elə də önəmli deyil, amma vacibdir ki, bu cür epizodlarda konkret olaq. 

- Qış toplanışını siz də ölkə daxilində keçdiniz. Bu amil sizə nə dərəcədə müsbət və ya mənfi təsir edə bilər?

- İnanırsınız, o barədə heç düşünmürəm. Beş komanda ölkə xaricinə getdi, beş komanda ölkədə qaldı. Biz də ölkədə qalanlardan olduq. Bəhanə gətirməyi xoşlamıram. Vaxt vaxımından fasilə qısa oldu. Bu mənada həm lazım olan istirahəti futbolçularımıza verə bildik, həm də lazım olan yükləməni. Şükürlər olsun ki, ciddi zədəlimiz də yoxdur, hər şey istədiyimiz axarda gedir.  

- Qış dönəmində adətən məşqçilər istədikləri oyunçuları tapa bilməməkdən gileylənirlər. Səbəb də odur ki, yaxşı, formada olan futbolçuların klubları ilə müqaviləsi olur. Bu mənada sizdə də elə canlanma olmadı...

- Məncə, qışda da istədiyin, formada olan futbolçunu tapa bilərsən. Çünki yaz-payız sistemi ilə çempionat keçirən bir çox ölkə var ki, qışda onlarda çempionat bitir. Məsələn, elə biri Gürcüstan. Bildiyimiz qədər orda da yaxşı futbolçular var. 

- O futbolçular özləri Azərbaycana gəlmək istəyir?

- Gəlmək istəyirlər. Sadəcə, hərəsinin öz qiyməti, öz kaprizi var ki, bu məsələləri həll etmək lazımdı. Ümumi götürsək, iki yerli futbolçu ilə gücləndik, İldar Alekberov və Ramin Nəsirlini icarəyə götürdük. Düşünürəm ki, hər ikisi bizim üçün faydalı transfer olacaq. Xüsusilə Raminlə Abdulla Rzayev U-21 millimizdə də eyni cinahda oynayırlar, tandemləri var və bu amilin də bizə xeyiri dəyəcəyini düşünürəm.

- Legionerlərlə bağlı məsələ nə yerdədi?

- Bu məsələ də gündəmdəir, bunun üzərində də iş gedir, sadəcə, cüzi notlar var ki, onu da həll edə bilsək, istədiyimiz bir ön xətt futbolçusu ilə güclənə bilərik. 

- Sırf hücumçu axtarırsınız, yoxsa pleymeyek də olsa olar?

- Sırf olaraq "10 nömrə", "9 nömrə" axtarırıq, yəni ön xəttdə hücumu gücəndirəcək, son nöqtəni qoya biləcək biri.

- Mövsüm öncəsi böyük əksəriyyət sizi Premyer Liqada qalmaq uğurunda mübarizə aparacaq komanda kimi qəbul edirdi. Bu gün isə ilk "üçlüy"ə yaxşı şansı olan komandalardan birisiniz. "Araz Naxçıvan"ın qışdan sonrakı hədəfi nə olacaq?

- Çox istərdim ki, bu çıxışımızı qışdan sonra da davam etdirək. Yaxşı kollektiv formalaşdırmışıq, uğurlu çıxışı davam etdirmək istəyirik. "Araz Naxçıvan" bu gün sürətli, baxımlı futbolu ilə azarkeşlərin rəğbətini qazanıb. Sadəcə, zədəsiz ötüşə bilsək və qol epizodlarından yaxşı yararlana, bu günə qədər olan tempin üzərinə bir az qoya bilsək, yaxşı nələrsə edə bilərik.

- Komanda bu perioda psixoloji cəhətdən nə dərəcədə hazırdı? Çünki bəzən bu cür sürpriz hesab olunan komandalar hansısa tur yaxşı nəticə qazanır, sonra sanki futbolçularda eyforiya yaranır və ardı gəlmir. Məsələn, siz heç kimin gözləmədiyi halda "Qarabağ"ı məğlub etdiniz və ardınca "Sumqayıt"a uduzdunuz...

- Bunu tək eyforiya ilə bağlamazdım. Oyunlara həftəlik yanaşmalar var. Ola bilsin hansısa həftədə hansısa 2-3 futbolçununun zədəli, xəstə vaxtına da düşə bilər. Eyforiya ola bilməz. Çünki bizim gənc futbolçularımız da var və hər qələbədən sonra onlardan daha məsuliyyətli olmağı tələb edirik, izah etməyə çalışırıq ki, onlar nə qədər məsuliyyətli olsalar, həm özləri daha irəli gedə biləcək, həm də bizim futbola daha çox faydaları dəyəcək. 

- Bu gün əksər yerli futbolçuları icarəyə götürmüsünüz. Bu cür futbolçular da özlərini yaxşı tərəfdən göstərəndən sonra onları komandada saxlamaq çətin olur. Konkret Abdullanı götürək, yaxşı mövsüm keçirir və sızan məlumatlara görə, iddialı klubların maraq dairəsindədir. Bu cür hallar növbəti mövsümün komandasını qurmaq baxımından sizə maneçilik yaratmayacaq ki?

- Doğru vurğuladınız, əslində çox incə məsələdi. Klubumuz, məşqçilər korpusu adına müsbət məqam odur ki, həmin futbolçuların gəlib bizim klubda necə inkişaf etdiyini hamı görür. Bu mənada bizimlə işləmək istəyən yerli futbolçuların sayı daha çoxdur. Biz də həmin futbolçulardan maksimum istifadə edib, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Bunu bacararqısa, nə xoş bizə.

- Amma etiraf edək ki, yaxşı təklif gəlsə, həmin futbolçuların hər biri "Araz Naxçıvan"dan gedə bilər...

- Bəli, bu gün elə futbolçularımız var ki, daha yaxşı təklifə hər zaman açıqdır. Əgər hansısa klubdan 3-4 dəfə yüksək maaş təklifi gəlsə, şəxsən mən də razıyam ki, həmin futbolçular getsinlər. Çünki futbolçu ömrü qısadı və bu dönəmdə öz həyatını təmin etməlidir. Amma inanmıram ki, hansısa klub bizdən cüzi çox pul təklif etsə, həmin futbolçular getsin. Hər halda, buna ümid edirəm.

- Baş məşqçi kimi debüt mövsümünüzü keçirirsiniz. Mövsümün bu günə qədər olan hissəsini özünüz üçün necə qiymətləndirərdiniz və komanda mövsümü hansı pillədə bitirsə, Azər Bağırov bunu özü üçün uğurlu sayacaq?

- Bu, tək Azərin işi deyil, biz komanda şəklində çalışırıq. Tək məşqçilər yox, texniki heyəti də bura əlavə edərdik. Çünki tək əldən səs çıxmaz. Əgər ilk "beşlik"də qərarlaşa bilsək, "Araz Naxçıvan" adına yaxşı işlər görmüş sayıla bilərik. 

- Avrokuboka düşsəniz, yəqin ki, böyük uğur sayılacaq...

- (Gülür). Möhtəşəm bir şey olacaq. Həm "Araz Naxçıvan" adına, həm də məşqçilər korpusu adına.

- Həm də ölkə kubokunda mübarizəni davam etdirirsiniz. Hər iki cəbhədə "vuruşacaqsınız", yoxsa seçim edəcəksiniz?

- Açığı, hələlik bununla bağlı qərar verməmişik. Amma sıx qrafik olacaq, futbolçuları 3-4 gündən bir oynamağa hazırlayacayıq. Çünki bu tempdə oynamaq çox çətindi. Azərbaycanda bunu bacaracaq yeganə komanda "Qarabağ"dı.

- Sonda. Naxçıvan stadionu ilə bağlı vəziyyət nə yerdədi?

- Hələ ki, bir yenilik yoxdu. Amma 9 fevralda Naxçıvanın 100 illik yubileyidi. Yəqin ki, həmin tədbirdən sonra stadionla bağlı da hansısa plan ortaya qoyulacaq. Həm də 2023-27-ci illər Naxçıvanla bağlı Dövlət Proqramı var və idman sahəsi də həmin proqramda yer alıb. İnşAllah Naxçıvan futbolu üçün də xeyirli olar və komandamız tezliklə ev oyunlarını Naxçıvanda, doğma azarkeşlərimiz önündə oynayar.

 

Anar XANLAROV