Ayxan Abbasov səmimidirmi?
- 10:00
- 71
“Şamaxı” Premyer Liqanın 17-ci turunda “Qəbələ”yə 0:4 hesabıyla məğlub oldu. Özü də doğma meydanda. Bu məğlubiyyət cari mövsümdə “Şamaxı” üçün öz meydanında ilk böyükhesablı yenilgi deyildi. Əyalət təmsilçisi 17 oktyabrda “Kəpəz”dən də 4 top buraxmışdı. Yeganə fərq ondan ibarət idi ki, səkkizinci tur çərçivəsində keçirilən qarşılaşmda “Şamaxı” hesabı açmış, daha sonra qapısında dörd qol görmüşdü. Bu dəfə isə rəqibin qapısına yol tapmaq mümkün olmadı.
Mən həmin qarşılaşmanı heç də təsadüfən xatırlatmıram. “Kəpəz”lə qarşılaşma milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən dərhal sonra keçirilirdi. Fasilə zamanı Premyer Liqada mübarizə aparan komandaların hamısı fürsətdən yararlanır, həm nəfəs dərir, həm də nöqsanları aradan qaldırırdı. Sözsüz ki, bu prosesə baş məşqçilər nəzarət edirdi. Təkcə “Şamaxı” bu imkandan məhrum olmuşdu. Çünki komandanın baş məşqçisi Ayxan Abbasov AFFA tərəfindən əsas milliyə dəvət almış, bu dəvəti dəyərləndirib “Şamaxı”dan müvəqqəti ayrılmışdı. Çalışdırıcının “Şamaxı”dan ayrı qalması özünü hesabda göstərdi, komanda hər kəsin autsayder gözü ilə baxdığı, qələbə həsrəti ilə səfərə çıxan “Kəpəz”ə məğlub oldu.
Bu dəfəki ssenari də ona oxşar oldu. Qış fasiləsində “iki cəbhə”yə diqqət yetirməli olan Ayxan Abbasov “Şamaxı”nın hazırlığına enerjisinin hamısını sərf edə bilmədi. Əyalət təmsilçisi təlim-məşq toplanışı üçün Antalyaya üz tutmamışdı, Mərdəkanda hazırlıq keçirdi. Amma Ayxan bəyin özü Antalyada idi. Sözün düzü, onun orda konkret nə işlə məşğul olduğunu dəqiq bilmədim. Sanki adam burdan Türkiyəyə küskün olduğu Renat Dadaşovla görüşməyə gedibmiş. Çünki millinin baş məşqçisinin klublarımızın yoxlama oyunlarında yeni nəsə görə biləcəyi inandırıcı görünmür. Abbasov “Turan Tovuz”un keçirdiyi yoxlama oyununu da gözləməyib, Bakıya dönmüşdü. Onsuz da klublar mövsüm boyu hamının gözünün önündə olur, o cümlədən də Ayxan bəyin. Özü də Antalyaya Premyer Liqa iştirakçılarının heç də hamısı yollanmamışdı. Belədə “Zirə”nin, “Qarabağ”ın və “Sumqayıt”ın futbolçularına Antalyada göz qoymaq nəyə hesablanmışdı?
Ayxan bəyin və AFFA-nın bu səfərdən nə qazandığını bilmirəm. Amma “Şamaxı”nın itirdiyi göz önündədir. Şamaxılı futbolsevərlərinin gözünün önündə dörd cavabsız topla məğlub olmaq heç yerinə düşmədi. Özü də rəqib “Kəpəz”, “Qəbələ” kimi elitanın heç də güclüləri sayılmayanlar olanda azarkeşlər həmin məğlubiyyəti daha çətin həzm edir. Sanki “Şamaxı” elitanı tərk etməyəcəyinə əmin olub, rahatlayıb. Ayxan Abbasov da bu rahatlığın səfasını yaşayır. “Qəbələ” ilə oyundan sonra da bunu vurğulayıb. “Şamaxı” “Kəpəz”ə, “Qəbələ”yə böyük hesabla uduzursa, rahatlaşmaq tez deyilmi? Məğlubiyyətin üzücü olduğunu deyən Ayxan bəy sözlərinə belə davam edib: “Bu məğlubiyyət ayılmağımıza təsir edəcək. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi. İtirəcəyimiz heç nə yoxdur. Əsas odur ki, elitada yerimizi qoruyaq”.
Mənə elə gəlir ki, Ayxan Abbasovun “Şamaxı”da qalan cismidir, fikirləri isə əyalətdən xeyli uzaqdadır. Daha doğrusu, milli komandanın, AFFA-nın yanında. İlk fürsətdəcə “Şamaxı”dan ayrılmaq, bütün enerjisini milliyə sərf etmək, özünü yeni səviyyədə göstərmək həvəsindədir. Ona görə də Ayxan bəyin “Şamaxı” barədə dedikləri mənə səmimi gəlmir.