
Aydın Bayramov: "Mən qapıçı ola-ola bunu hiss edirdim, o ki qala, uşaqlar ola" MÜSAHİBƏ
- 30 Apr 2023 12:00
- 604
"Sumqayıt"ın qapıçısı Aydın Bayramov "Kəpəz"lə Qəbələdə keçirilən oyundan sonra (1:0) Rekord.az-a müsahibə verib:
- Aydın, müəyyən fasilədən sonra yenidən əsas heyətdə meydançaya çıxdın. Bu günə qədər ehtiyatda qalmağın nə ilə bağlı idi?
- Sırf zədə ilə bağlı idi. Dirsəyimdə problem var idi, yəqin özünüz də gördünüz, bugünü oyuna da sarğı ilə çıxmışdım. Amma ümumi götürdükdə, zədəmi sağaltmışam və komandama kömək etməyə hazıram.
- Belə başa düşdüm ki, milliyə dəvət almamağın da zədə ilə bağlı olub...
- Mən zədəni "Səbail"lə oyunda aldımş. Ondan sonra daha iki oyun da oldu və zədəm daha da pisləşdi. Millinin toplanışı olan zaman mən artıq zədəli idim. Amma milli məşqçiləri bunu bilirdi, ya yox, zədəli olmasaydım milliyə çağırmaq fikirləri var idimi, bunları bilmirəm.
- "Kəpəz"lə oyunu necə dəyərləndirərdin. Sizin üçün 6 xallıq bir oyun idi...
- Çox vacib oyun idi, 6 xallıq oyun idi. Rəqiblərimizlə aramlzdakı xal fərqini də hamı bilirdi, hamı dərk edirdi. Bu mənada oyuna çox güclü hazırlaşmışdıq, yaxşı mənada bütün komandada aqresiya var idi. Şükürlər olsun ki, uşaqlar xarakter göstərdilər və bu oyundan qələbə ilə ayrılmağı bacardıq.
- Havanın isti olması oyununuza təsir elədi?
- Çox təsir elədi. Mən qapıçı ola-ola bunu hiss edirdim, o ki qala, uşaqlar ola.
- Qarşıda dörd oyununuz var. Premyer Liqada qalmağı təmin etmək üçün sizə neçə xal kifayət edər?
- Bütün oyunlara maksimum nəticə üçün çıxacayıq ki, elitada yerimizi saxlayaq.
- Yeri gəlmişkən, növbəti turda "Səbail"lə qarşılaşırsınız...
- Növbəti 6 xallıq oyundu. İnşAllah bacardığımızı edəcəyik ki, həmin oyundan da qələbə ilə ayrılaq.
- Müavilən səhv etmirəmsə, mövsümün sonunda bitir...
- Bəli, iyun ayında "Sumqayıt"la müqaviləm bitir.
- Komandadan sənə qalmaqla bağlı təklif olubmu? Nəyə görə bu sualı verirəm, zaman-zaman adın "Neftçi" ilə hallanır...
- "Neftçi" məsələsində heç bir reallıq yoxdur, heç kiminlə də danışıq aparmamışam. Hazırrda "Sumqayıt"ın futbolçusuyam, mövsümün sonunda oturub yenidən söhbət edəcəyik. O ki qaldı, "Sumqayıt"dan təklif olub-olmamasına, hələlik belə bir təklif də yoxdur, əsas vəzifəmiz komandanı elitada saxlamaqdır. Bundan sonra bu məsələləri danışmaq olar.
- Bir ara yaxşı formada idin, millidə dəvət alırdın. Lakin Andrey Popoviçin gözlənilməz gəlişi ilə ehtiyata düşdün, millidən də dəvət gəlmədi, bir növü müəyyən bir zaman itkiyə getdi. Yenidən milliyə dönmək perspektivini necə görürsən?
- Hər bir futbolçu millidə forma geyinmək istəyər. Üstəlik, sən əgər ordakı ab-havamı hiss etmisənsə, ordan çıxmaq istəmirsən. Bu məsələdə hər şey özümdən asılıdır. Yenidən o formanı yığmalıyam ki, milliyə dəvət alım. Təbii ki, baş məşqçinin seçimindən də çox şey asılıdır.
Anar XANLAROV