“Atletiko” ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda ilk dəfə böyük fərqlə məğlub olub.

Rekord.az xəbər verir ki, bu, La Liqanın 29-cu turunda “Barselona” ilə oyuna təsadüf edib.

Madriddə baş tutan görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar. 2017/18 mövsümündən rəqiblərini “Metropolitano”da qəbul edən komanda ilk dəfə fərqlənmədən öz qapısından 3 qol buraxıb.

Eyni zamanda “Atletiko”nun evdə 25 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda 2023-cü ilin yanvarından bəri birinci dəfə doğma arenasında azarkeşlərini məyus edib. Son 25 qarşılaşmanın 23-də qələbə qazanan paytaxt təmsilçisi 2 matçda bərabərliklə kifayətlənib. “Atletiko” öz meydanında sonuncu dəfə 2023-cü ilin yanvarında məhz “Barselona”ya (0:1) uduzmuşdu.

“Atletiko” hazırda 55 xalla La Liqanın turnir cədvəlində 5-ci pillədədir.