
ASTA Futbol Akademiyasının təşkilatçılığı ilə azərbaycanlı oyunçular İspaniya klubunda çıxış edəcəklər
- 30 İyn 2023 12:44
- 449
ASTA Futbol Akademiyası (Azerbaijan Sport Talents Academy) ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Rekord.az xəbər verir ki, Bakıya gələn ispaniyalı məşqçilər ASTA tərəfindən seçilən 2008-2009-cu il təvəllüdlü 50 istedadlı futbolçu arasında seçim edərək, onlardan təxminən 15-20-sini ölkələrinə aparacaqlar.
Azərbaycanlı yeniyetmələr qarşıdakı 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında yer alacaqlar.
Tərəflər layihənin müntəzəm davam etdirilməsini nəzərdə tutublar. 2024 və ya 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır. Həmin vaxt “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marset” tərəfi bununla bağlı öhdəlik götürüblər.
“Marset” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcəklər.