
"Araz Naxçıvan" niyə təbii otdan süniyə keçir? AÇIQLAMA
- 28 Apr 2023 15:47
- 888
Xəbər verdiyimiz kimi, yeni mövsümdən Premyer Liqada oynayacağı gözlənilən "Araz Naxçıvan" infrastrukturla bağlı da məsələləri həll etməklə məşğuldur. Naxçıvan stadionunda görüləcək işlər bu qəbildəndi. Gündəm məsələ isə əsas stadionun ot örtüyünün süni örtüklə əvəzlənməsidir. İlk baxışda heç də xoş xəbər olmadı. Çünki biz davamlı olaraq süni örtüklü meydançalara qarşı mübarizə apardığımız məqamda ölkənin daha bir böyük stadionu təbii otdan süniyə keçir. Bəs bu qərarın verilməsinə səbəb nə oldu? Sualımızı "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırova ünvanladıq.
Rekord.az-a açıqlamasında Bağırov qəbul edilən qərarı belə əsaslandırdı: "Bildiyiniz kimi, Naxçıvanda uzun müddətdir böyük futbol olmayıb. Bu mənada infrastrukturla bağlı ciddi problemlər var. Premyer Liqa üçün də vaxt az olduğundan bütün bu problemləri qısa müddətdə həll etmək mümkün deyil. Ona görə hər şeyi mərhələli şəkildə etməliyik. Ən vacib məsələlərdən biri də məhz meydança ilə bağlıdır. Niyə təbii otdan, süniyə keçməyə qərar verildi? Birincisi, dediyim kimi, infrastrukturla bağlı məsələdi. Cəmi bir stadionumuz, bir meydançamız var. Premyer Liqanın tələbləri də yüksəkdir. Burada akademiya qurmalısan, müxtəlif yaş qruplarından ibarət komandalar formalaşdırmalısan. Bütün bu komandaların oynaması, məşq etməsi üçün meydançalar lazımdır. Bizim də o qədər zamanımız yoxdur ki, qısa müddətdə 4-5 meydança salaq. Bu qədər komanda da təbii otda məşq edib oynasa, qısa vaxtda qazon sıradan çıxacaq. Süni örtük isə ilk illər üçün bizi bu sıxıntıdan xilas edəcək. İkinci məsələ, Naxçıvanın iqlimidir. Buranın qışı çox sərt, yayı isə isti keçir. Hətta ötən ilin yayında hərarətin 55 dərəcəyə qədər yüksəldiyini özüm görmüşdüm. Belə vəziyyətdə təbii ota baxmaq, ümumiyyətlə, bu cür iqlimə uyğun ot örtüyü seçmək, onun mütəxəssisini tapmaq və s. bunlar hamısı böyük zaman və maliyyə tələb edir. Bütün bunarı nəzərə alıb, süni örtüyə keçməyə qərar verdik. Bir neçə il komanda Premyer Liqada çıxış etsin, yerimizi möhkımləndirək, özümüzü sübut edək, gələcəkdə yenidən süni otdan təbii ota geri dönməyi düşünürük. Lakin indiki halda dediyim kimi, süni örtüuə keçməyə məcburuq".