Anton Krivatsyuk: "Məğlubiyyətin konkret səbəbini göstərmək çətindi"
- 12 Okt 2024 11:25
- 206
Azərbaycan millisinin futbolçusu Anton Krivatsyuk Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra açıqlama verib.
Rekord.az xəbər verir ki, o, Tallinə ezam olunmuş əməkdaşımıza bunları deyib: "Ağır oyun oldu. İlk hissədə xeyli qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Əvəzində məyusedici bor qol buraxdıq və həmin qol komandanın əhvalını korladı. Buna baxmayaraq, əlimizi yanımıza sallamadıq, ilk hissənin sonunda hesabı bərabərləşdirdik. Təəssüf ki, dərhal kobud səhvə yol verdik və soyunub-geyinmə otağına gedərkən ikinci qolu buraxdıq. İkinci hissədə daha açıq futbol getdi, biz daha çox hücumda oynamağa başladıq. Bizim geniş oynamağımız isə rəqib üçün geniş, boş zonalar yaratdı. Onlar da bundan yaxşı istifadə etdilər. Bu oyundan nəticə çıxardıb növbəti oyuna qələbə üçün çıxmaq lazımdır. Məğlubiyyətin konkret səbəbini göstərmək çətindi, üstəlik, isti başla. Oturub detallı araşdırmaq lazımdı. Günahı tək bir nəfərin üstünə yıxmaq olmaz. Hücumda da qol vura bilmədik, müdafiədə də kobud səhvlərdən qollar buraxdıq. Növbəti rəqib Slovakiya çox güclü rəqibdi. Onlarla oyunda 100 faiz konsentrasiya ilə oynayıb maksimum gücümüzü ortaya qoymalıyıq".