
Anormallıq və ya AFFA məşqçilərin ağzın necə yumur?
- 06 Noy 2021 14:00
- 553
AFFA İntizam Komitəsi “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevi "Sumqayıt"la oyundan hakimləri təhqir edərək birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə 7200 manat cərimələnib. Bəli, hakimləri təhqir etmək olmaz. Nəinki hakimləri, ümumiyyətlə, heç kimi təhqir etmək olmaz. Düzü, Hacıyein hakimləri harda və hansı şəraitdə təhir etdiyini bilmirəm. Bu haqda hansısa geniş bilgiyə də rast gəlmədim. Aftandili elə biri kimi də tanımıram. Adam hər zaman sözünün, hərəkətinin yerini bilən biridir. Hətta ağır yenilgi aldığı matçlardan sonra ən tikanlı suala belə, çox səbrlə və təmkinlə cavab verir. Yəni belə xarakterə, əxlaqa sahib birinin kimisə təhqir edəcəyinə inanmram. Amma yenə də ola bilsin, oyun zamanı hansısa epizodda əsəblərini cilovlaya bilməsin. Yenə deyirəm, təhqir olubsa, cəzanı haqq edir. Amma...
Gəlin, məsələnin başqa tərəfinə də diqqət yetirək. Çünki oyun sonrası mətbuat konfransında Hacıyev özü də deyib ki, hətta onun kimi səbrli adamın da səbrini daşdırırlar. Ona haqq verməmək olmur. Çünki Azərbaycan futbolunda hakimliyin hansı durumda olduğu göz önündədir. Ştuxlikin gəlişindən sonra olan-qalan hakimlik də məhvə doğru gedir. Xaqani Məmmədovun dövründə yetişən və futbolumuz üçün lazımlı olan hakimlər bilərəkdən, məqsədli şəkildə futboldan küsdürülür, kənarlaşdırılır. Əvəzində I Divizion səviyyəsində olan hakimlər elitada oyun idarə edir, davamlı səhvlər fonunda onlara güvənilir. Nəticədə səhvlər bir-birini əvəzləyir, narazılıqlar artır. Bundan cana doyub ağzını açan məşqçilər isə dərhal ağır cəzalara, sərt xəbərdarlıqlara məruz qalır. Hacıyev tək deyil. Ondan öncə "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov da hakim idarəçiliyini tənqid etdiyi üçün AFFA tərəfindən xəbərdarlıq olunmuşdu. Bir daha hakimlik haqqında danışmaması üçün. Bu nə deməkdir? Nəyin senzurasını yaşayırıq? Sən mənim başıma oyun aç, haqqımı tapdala, halal qolumu sayma, yaxud halal penaltimi vermə, oyunumu birtərəfli idarə et, mən də susub buna dözüm? Nə vaxta qədər? Hakimlər haqqında kəlmə kəsən məşqçilər dərhal cəzalanır. Bəs klubların, futbolçuların, elə həmin məşqçilərin haqqına girən hakimlər? Onlar niyə cəzasız qalır? Hansısa hakimi 1-2 turluq I Diviziona göndərməklə cəza olur? AFFA niyə bu biabırçılığa göz yumur? Sabiq hakim Rəhim Həsənov bu yaxınlarda verdiyi açıqlamada bildirmişdi ki, Hakimlər Komitsinin sədri Ştuxlik özü hakimlərə tapşırır ki, çıxın, səhv edin, arxanızda durmuşam. Səhv edin ki, mən də AFFA-ya təzyiq edib VAR-ın tətbiqinə nail olum. Kifayət qədər ciddi ittiham olsa da, AFFA bunun arxasınca düşmədi, heç bir araşdırma aparmadı. Heç onunla da maraqlanan olmadı ki, Ştuxlikin vətəni Avstriyadan baha qiymətə gətirtdiyi qulaqcıqların çoxu niyə xarab çıxdı. Görünən budur ki, Azərbaycan futbolunda olan anarxiyadan Ştuxlik də öz xeyiri üçün istifadə edir. Onun qurduğu bərbad sistemə narazılqı edənlər isə AFFA İntizam Komitəsinin vasitəsi ilə susdururulur.
Anar XANLAROV