“Ağ bayraq”
- 09:13
- 75
“Sabah”ın “Qarabağ”ı məğlub etməsiylə bu iki komanda arasındakı xal fərqi 13-ə çatdı. Düzdür, “Qarabağ”ın bir oyunu təxirə salınıb və həmin oyundan savayı daha beş tur oynanılacaq. Deməli, hələ “Qarabağ”ın toplaya biləcəyi 18 xal var və riyazi baxımdan fərqin qapanması mümkündür. Amma hadisələrə real baxanda, hazırkı situasiyanı qüvvələr nisbətinə görə qiymətləndirəndə “Sabah”ın “Qarabağ” daxil bütün rəqibləri üçün əlçatmaz olduğunu görürük. Cəmi 2-3 tur sonra “Sabah” həm də riyazi baxımdan “Qarabağ” üçün əlçatmaz olacaq və onda Masazır təmsilçisini çempionluq münasibətiylə təbrik etmək lazım gələcək.
Rəqəmlərin müqayisəsinə, hesab-kitaba çox da vaxt itirməyə dəyməz. “Sabah” turnir cədvəlinin zirvəsində öz layiqli yerini tutub. Bəli, razıyam ki, zaman-zaman “Sabah”ın xeyrinə, onun rəqiblərinin əleyhinə hakim səhvləri də görmüşük. Amma ümumilikdə hakimlik adına xeyli çətin və biabırçı bir mövsüm yaşadığımız da göz önündədir. Ştuxlikdən üzübəri əcnəbi sədrlər Azərbaycan hakimliyinin başına elə iyrənc oyunlar açıblar ki, hələ uzun müddət bu fəsadları hiss edəcəyik. İndiki halda isə “Sabah”ın topladığı 69 xalın, yaratdığı fərqin hakimlərin sayəsində olduğunu demək ədalətsizlik olar.
İlahi ədalət özü “Sabah”ı bu tənələrdən xilas etmək üçün komandaya dünənki oyunda əla fürsət verdi. Söhbət Abdulla Xaybulaevin 46-cı dəqiqədə aldığı qırmızı vərəqədən gedir. Elçin Məsiyev oyundakı yeganə qolun müəllifini meydandan qovmaqla “Qarabağ”a say üstünlüyü imkanı yaratdı. Qalırdı bu imkandan yararlanmaq və rəqibin qapısına çox yox, cəmi iki dəfə yol tapmaq. Məlum məsələ idi ki, azlıqda qalan “Sabah” “Qarabağ”ı öz hücumları ilə çox da narahat etməyəcəkdi, daha çox müdafiəyə diqqət yetirəcəkdi. Lakin “Qarabağ” bu say üstünlüyünü hesabdakı üstünlüyə dəyişməyi bacarmadı. “Sabah”ın qapısına qol demirəm, heç qol ola biləcək düz-əməlli zərbə də vurulmadı. “Bayquşlar”ın azlıqda qala-qala qapısında qol görməməsi və görüşdən qələbə ilə ayrılması bu komandaya hakimlərin kömək etməsi, xalların hakimlərin sayəsində qazanılması ilə bağlı iddialara da zərbə vurmuş oldu.
Sözün düzü, “Qarabağ” tərəfinin hakimliklə bağlı problemlərə ciddi diqqət ayırdığının, günahı onların üzərinə atmaq üçün çalışdığının da şahidi olmamışıq. Nə dünənki, nə də ondan əvvəlki oyunlarda Qurban Qurbanovun və klub rəsmilərinin bu mövzu ətrafında geniş polemikaya girdiklərini, hansısa videoçarxla, bəyanatla şikayət etdiyini görməmişik. “Qarabağ” çempionluğu meydanda məğlub olduğu oyunlarla əldən verdi. Çempionlar Liqasındakı böyük uğur özüylə birlikdə gərgin qrafik də gətirdi. Səviyyəcə bir-birinə heç bənzəməyən iki yarışda – Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında paralel olaraq yüksək səviyyədə çıxış etmək mümkün olmadı. Qitənin ən nüfuzlu klub turnirində boyundan xeyli yuxarı tullanan, son 24 komanda sırasına adını yazdıran “Qarabağ” həm fiziki, həm də psixoloji baxımdan xeyli yoruldu. Bu yorğunluq da ölkə çempionatının həlledici məqamında özünün pik nöqtəsinə çatdı. Nəticəsi də belə oldu.
Bəli, “Qarabağ” artıq “ağ bayraq” qaldırıb, çempionluğun əldən getməsiylə barışıb. Amma bu, hələ son deyil. İrəlidə “Qarabağ”ı yenidən əvvəlki gücünə və əzəmətinə qaytarmaq üçün görüləcək işlər var. Atalar demişkən: “İgid odur atdan düşə, atlana. İgid odur hər əzaba qatlana”.