Bu mövsümdən Azərbaycan çempionatında da VAR-dan istifadə olunur. Misli Premyer Liqasının bütün oyunlarında bu texnologiya tətbiq edilir. Hazırda AFFA-nın sərəncamında iki VAR maşını var.

Lakin Rekord.az-a bu yaxınlarda daxil olan məlumata görə, mövsümün əvvəlində SOCAR tərəfindən federasiyaya iki yox, beş VAR maşınının alınması üçün vəsait ayrılıbmış. 

Elədirsə, o zaman niyə cəmi iki maşın alınıb, digər üç maşın niyə alınmayıb, həmin vəsait ayrılıbsa, haradadır o vəsait? 

Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məsələyə belə münasibət bildirib: "Bəribaşdan deyim ki, 5 VAR maşını haqda olan məlumat düzgün deyil. Yəni federasiyanın öncədən bu sayda VAR maşını almaq planı olmayıb. Yayımçı şirkətlə də məsləhətləşmələrdən sonra iki maşının alınmasına ehtiyac yaranıb və bu sayda da maşın alınıb. Nə vaxtsa Premyer Liqada komanda sayı artarsa, əlavə daha bir maşının alınmasına ehtiyac yaranarsa, o zaman bu məsələ müzakirə oluna bilər. İndiki halda isə hələlik iki maşın kifayət edir".