
AFFA və Futbol Veteranları İttifaqı Qəhrəman Əliyevlə maraqlanmır
- 06 Noy 2021 17:00
- 633
Azərbaycanın tanınmış futbol məşqçilərindən olan Qəhrəman Əliyev artıq 11 aydır ki, komadadır.
Rekord.az xəbər verir ki, koronavirusa tutulduqdan sonra insult keçirib.
Həkimlər onu süni komaya saldılar, amma səhhətində irəliləyiş olmadı. Uzun müddət xəstəxana şəraitində müalicə aldı. Yaxınları xəstəxana xərclərini qarşılaya bilməyincə müalicə ev şəraitində davam etdirilir. Əslində ev şəraitində də müalicə üçün az xərc tələb olunmur. Gün ərzində 500-600 manatlıq dava-dərman lazımdır. Həkimlər hər şeyin möcüzəyə bağlı olduğunu deyirlər. Təəssüf doğuran məqam budur ki, bu günə kimi nə AFFA, nə də Oqtay Abdullayevin rəhbərlik etdiyi Futbol Veteranları İttifaqı Əliyevin durumu ilə maraqlanmayıb. Halbuki, Qəhrəman bəyin Azərbaycan futbolunda heç də az xidmətləri olmayıb. "Xəzər Lənkəran"ın bərpasına kimi məh onun baş məşqçisi olduğu Masallı "Viləş"i Cənub futbolunun nüfuzunu təkbaşına qoruyub. Əliyev "Bakı" klubunda da Azərbaycan futboluna istedadlı futbolçuların bəxş edilməsi yönündə az zəhmət çəkməyib.