Gözlənildiyi kimi, VAR sistemi bu mövsüm Azərbaycan Premyer Liqasında tətbiq olunmayacaq. AFFA Hakimlər Komitəsinin sədri Frits ştuxlik də bunu rəsmən açıqlayıb. Halbuki AFFA tərəfindən 2022-ci ildən VAR-ın tətbiqi haqda iddialı açıqlaçma verilmişdi.

Rekord.az-a daxil olan məlumata görə, hər şey maddiyatla bağlı olub.

Belə ki, AFFA rəhbərliyi daha öncədən bu layihə üçün 2 milyon manat nəzərdə tutmuşdular. Lakin SOCAR-da baş verən islahatlar, yeni yaradılan nəzarət şurasının bütün xərclərə daha ciddi yanaşması federasiyanın əl-qolunu bağlayıb. Yəni daha əvvəlki kimi, hər yersiz layihəyə görə büdcədən ürəyin istəyən vaxt ürəyin istəyən qədər məbləğ çıxartmaq mümkün deyil. Yəni SOCAR-ın yeni idarəçiləri hər qəpiyə qənaətlə yanaşır. Bu üzdən də AFFA öncə fikrində 2 milyon manat tutsa da, sonradan  bu məbləği 500 min manat müəyyənləşdirdi. Hətta bununla bağlı onlayn iclasdan sonra mətbuata da açıqlama verildi. Lakin məlum olduğu kimi, bu məbləğə bütün stadionlarda VAR sistemi qurmaq mümkün deyil. Maraq üçün deyək ki, Ukraynada bir stadionda VAR sisteminin tam quraşdırılması hardasa bizim pulla 300-400 min manata başa gəlib. Bu sistemi ən sadə formada quraşdırmaq istəsən belə minimum 200-250 min manat xərc tələb olunur. Demək ki, bizdə AFFA Premyer Liqadakı 8 komandanın ev oyunlarını keçirdiyi stadionlarda Ukraynadakı kimi olmasa belə, ona yaxın səviyyədə sistem quraşdırmaq üçün hər stadion üçün ən azı hər stadionda 250 min xərc çəkməlidir. Bu rəqəmi də 8-ə vuranda elə gedb 2 milyon edir. AFFA da aşağı-yuxarı bunu nəzərdə tutmuşdu. Lakin yuxarıdan qeyd etdiyimiz səbəbdən məbləğin yarım milyona qədər endirilməsi planlarl da pozdu.