"Turan Tovuz"la bağlı maraqlı məlumat əldə etmişik. AFFA və kluba bu qurum tərəfindən təyin olunan rəhbərlik tez-tez aləmə car çəkir ki, bizə kömək edən yoxdur, imkanlı tovuzlular komandaya dəstək olmur.

Rekord.az-a ötürülən yeni məlumata görə, komanda sahib çıxmaq istəyən tovuzlulara süni maneələr yaradılır.

Belə ki, bir neçə dəfə buna cəhd edilib. Hətta komandanı birdəfəlik almaq istəyənlər də olub. İstər Tovuzun özündə, istərsə də kənarda bizneslə məşğul olan şəxslər müəyyən məbləğ qarşılığında komandanın səhmlərini almaq istəyib. Lakin AFFA onlara elə qiymət "oxuyub" ki, həmin şəxslər təkliflərinə peşman olublar. Konkfet məbləğlə bağlı dəqiq məlumat olmasa da, bir neçə şəxsin 1 milyon manat qarşılığında komandanı almaq istəməsi məlum olub. Lakin AFFA həmin şəxslərdən 3 milyon dollar tələb edib ki, bu da 5 milyon manat pul edir. Təbii ki, I Divizionda autsayder olan komandaya heç bir iş adamı 5 milyon manat pul verməz.