
AFFA-nın şok planı: "CBC Sport"un Şamaxıya tələsik səfərinin səbəbi məlum oldu
- 15 Yan 2022 17:00
- 1171
Bölgələrdə futbolun inkişafına dəstək, stadionun müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə 2022-ci ildən “Keşlə”yə “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etmək təklif olunub.
Hətta bununla bağlı ötən ilin noyabrında “Keşlə”nin Müşahidə Şurasının iclası keçirilib, AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatandan sonra 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.
2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, əsas millidən başqa, bütün yaş qruplarına aid yığmaların oyunları bu stadionda keçirilə bilər.
Bugünlərdə isə "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, həmçinin texniki və yaradıcı heyət Şamaxı şəhər stadionunda olublar. Səfərin məqsədi ilə bağlı qəzetimizə açıqlama verən telekanalın Xəbərlər Xidmətinin direktoru Şəmsəddin Abbasov arenanı çəkiliş üçün təftiş etdiklərini bildirib:
"Səfərimizim məqsədi o idi ki, çəkiliş imkanlarına baxaq. Bizi stadionunun əməkdaşları qəbul etdi. Elektrik enerjisi, cərəyanı hardan götürəcəyik, kameraları harda quraşdıracağıq - bir sözlə, texniki məsələlər müzakirə olundu. Hər şeydən razıyıq. Hər şey qaydasındadı".
Ancaq dünən əldə etyimiz məlumat “CBC Sport”un rəhbərliyinin Şamaxıya tələm-tələsik yollanmasının mahiyyətini açır. Belə ki, etibarlı mənbədən bizə ötürülən bilgiyə görə, “Keşlə” artıq martdan çempionat oyunlarını Şamaxıda keçirəcək. Artıq bununla bağlı klub rəhbərliyinə xəbərdarlıq olunub. Klubun adının dəyişməsi isə yayda, daha dəqiq desək, cari mövsüm başa çatandan sonra reallaşacaq. ("Futbol plus")