“AFFA-dan bir nəfər zəng vurmuşdu. Dedi, işdən çıxarılmısan, gəl, xitam ərizəsinə qol çək”.

Rekord.az xəbər verir ki, bunu Elit-məşq layihəsində məşqçilik edən, lakin verilən qərara görə görəvi əlindən alınan Emin Quliyev sportinfo.az-a açıqlamasında deyib.

Göndərilmə qərarı varsa, mütləq ki, arxasında hansısa səbəb dayanır. Səbəbi isə səbəbkarların özlərindən yaxşı bilən olmaz.

Quliyevlə söhbətdə AFFA-dan verilən qərarın səbəbini öyrənməyə çalışsaq da, istəyimizə çatmadıq:

“İnanırsız, səbəb-zad soruşmadım. Guya soruşsaydım, nə olacaqdı? Qərarı verən başqa adamdır, mesajı mənə çatdıran başqa adam. Səbəbini soruşsaydım, “bilmirəm” deyəcəkdi. Dedi, gəlib ərizəyə qol çəkməlisiz. Mən də getmirəm. Bilirəm ki, getsəm, dilim dinc durmayacaq. Ona görə də oturmuşam yerimdə”.

Ötənlərin məşhur futbolçusunun danışığından işini itirdiyinə görə ciddi narahatlıq keçirmədiyini duymaq çətin deyildi.

Bu da əsassız deyil. Sabiq “5 nömrə”nin dediyinə görə, gördüyü işin qarşılığında aldığı maaş heç də yüksək deyilmiş:

“Əlbəttə, heç kim işsiz qalmaq istəməz. Amma bir şey də var ki, guya gördüyüm iş nə idi? Həftədə iki dəfə məşq keçirdim, məşqdə həm inzibatçı olurdum, həm topdaşıyan. Komandada məşqçi və futbolçudan başqa heç kim yoxdur. Məcbur qalıb bütün işləri özün görürsən. Aldığın maaş da 400 manat. Nə deyim, Allah köməkləri olsun!”

Emin Quliyev futbolçu karyerasında “Dinamo” (Bakı), “Kəpəz”, “Neftçi”, “Xəzər Lənkəran”, “Karvan”, “Simurq” kimi komandaların şərəfini qoruyub, Bolqarıstanda (“Liteks”) və Rusiyada (“Spartak-Alaniya”) legioner həyatı yaşayıb.

2 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu başı üzərinə qaldıran sabiq futbolçu Azərbaycan millisində 48 oyunda 3 qol vurub.