Region Liqasında növbəti narazılıq baş qaldırıb.

Rekord.az xəbər verir ki, problem bu dəfə AFFA-dan qaynaqlanmır. Amma federasiya ilə bağlılığı var.

Bəlli olduğu kimi, qurum çempionatın bütün iştirakçılarını geyim və topla təmin edib. Iştirakçılara 24 ədəd (2 dəst) forma və 10 ədəd top paylanıb.

Paytaxt-Şimal zonasında mübarizə aparan “İrəvan” da bu siyahıdan kənarda qalmayıb. Yarışın qrup mərhələsi yekunlaşmaq üzrə olsa da, komandanın yaradıcısı Zahid Niyazəliyev həmin formaları hələ də futbolçulara verməyib.

Redaksiyamıza müraciət edən oyunçuların sözlərinə görə, geyimlərin üzərinə ad və nömrə yazmaq üçün onların hər birindən 10 manat tələb olunur.

Digər bir problem isə kollektivdə tez-tez dəyişikliyin baş verməsidir. Həm gəlib-gedənlərin sayı çoxdur, həm də bütün futbolçuların 10 manatı ödəməyə gücü çatmır. Hər halda şikayətçilər belə deyir... (sportinfo.az)