AFFA Azərbaycan Premyer-Liqasına növbəti zərbəni vurmağa hazırlaşır. “Rekord.az”-ın əldə etdiyi məlumata görə, federasiya hazırda ölkə çempionatındakı limiti dəyişdirib artıraraq əsas heyətdə daha bir yeniyetmənin oynaması tələbini gətirmək istəyir.

Tələb isə U-21-in indiki baş məşqçisi Milan Obradoviçdən gəlib. Serbiyalı mütəxəssis klub sistemini özünün nazına tabe edərək bu yolla nəticə qazanmağa çalışır. O, artıq təklifini rəsmi şəkildə rəhbərliyə bildirib və ciddi müzakirə olunmasını istəyib. Məsələnin apreldə AFFA İcraiyyə Komitəsinin iclasında danışılacağı və qəbul edilməsi gözlənilir.

Hazırda Premyer-Liqanın əsasnaməsində legioner limiti barədə qayda aşağıdakı kimidir:

“6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 2002-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir”.

Obradoviçin təklifi konkret olaraq həmin 2002-ci il və ya daha gənc, yəni 19 yaşlı oyunçunun da start heyətinə salınmasından ibarətdir. Yəni qərar qəbul edilərsə, klublar start heyətində azı iki nəfər – biri 21, biri də 19 yaşlı gənc oynatmalı olacaqlar. Bu isə komandanın gücünə birbaşa zərbə, rəqabətədavamlılığının azalması, avrokuboklarda uğur qazanma şansının demək olar ki, yoxa çıxması deməkdir.

Bir sözlə, absurd qərar olardı.

Gedişatı diqqətdə saxlayacağıq.