Premyer Liqada 27-ci tur geridə qaldı. Öyrəndik ki...


- hər xalın qiyməti birə-iki, birə-beş artıb. İstənilən büdrəmə səni çox geriyə sala, istənilən qələbə böyük sürətlə qabağa apara bilər. Klublar da bunu başa düşürlər. Odur ki, çempionatın bundan sonrakı hissəsində gözəl, baxımlı oyun ikinci plana keçərsə, hər kəs sırf nəticəyəmeylli oyun nümayiş etdirməyə, minimum səhv, maksimum səmərə ilə oynamağa başlayarsa, buna təəccüblənməməliyik. 


- "Sabah" və "Qarabağ"ın çempionluq yarışı bu dəfə qarşılıqlı xal itkisiylə müşayiət olundu. Xüsusilə ağdamlılar üçün bu mövsüm çətin səfərə çevrilən Şamaxıdan yenə qələbəsiz qayıtması, komandanı vacib şansdan etdi. Əlavə 2 xal "köhlən atlar"ı yarışda xeyli irəli atacaq, gərginlik və əsas rəqibi üzərindəki təzyiq artıracaqdı. Olmadı.


- "Sabah" liderdir, xallar da qazanır, amma performansda eniş var. İstər "Araz", istərsə də "Zirə" ilə matçlar komandanın hər an büdrəməyə meylli olduğunu göstərdi. Fərdi ustalıq, texniki bacarıq yerindədir, mübarizə ruhunda da problem yoxdur. Əsas problem funksional hazırlıqdadır. Dambrauskasın yetirmələri milli fasilədən yaxşı qayıtmayıblar, qısa müddətdə 3 matç oynayıblar və bu gedişat onları bir qədər səngidib. Amma yuxarıda sadaladıqlarım Masazır təmsilçisini yalnız "Qarabağ"la müqayisədə açıq görünür. Digər komandaların boşluqdan istifadə etməsi çox da real görünmür, çünki onların özləri də yungül desək, yaxşı durumda deyillər.


- "Neftçi"dən başqa. "Ağ-qaralar" son matçın ilk yarısında əla oyun nümayiş etdirməklə yaranan ümid toxumlarını daha da cücərtdi. Vernidubun komandası hücumçusuz çıxdığı matçda bir hissədə 3-4 oyunluq qol imkanı yaratdı və ondan yararlana bilmədi. Samba və ya Abubakar meydanda olsaydı, hesab başqa da ola bilərdi. Ümumilikdə, "Neftçi" həm yaxşı futbol, həm də nəticə baxımından fərqlənir və qrafik hələ ki uğurludur. Ona görə "hələ ki" ki, əsas rəqiblərlə oyunlar bundan sonra başlayacaq. "Zirə" və iki "Qarabağ" matçı bu uğurun perspektivini açıq ortaya qoyacaq.


- "İmişli" və "Karvan" uzun fasilədən sonra qələbə qazandı, "Sumqayıt"ın təxminən eyni uzunluqda qələbəsizlik seriyası davam etdi. 


- "Kəpəz"də problemlər davam edir. Ardıcıl 4 uğurlu matç, "Qarabağ" üzərində qələbə komandanı "şişirtmişdi". Futbolçular özlərini laməkan saymağa başlamışdılar və autsayderlərlə mütləq udulacaq matçlara "göylə gedərək" çıxmışdılar. Nəticəsi məlumdur. Bu problemin öhdəsindən gəlməli olan şəxs həm də baş məşqçidir. Yetərincə və haqlı tərif etdiyimiz Azər Bağırov 3-5 matçla pis məşqçiyə çevrilmədi. Ancaq nəticəyə cavabdeh şəxs ilk növbədə odur və məsələyə çözüm tapmalıdır. Hələ heç nə bitməyib və 1 qələbə enişi yüksəlişə çevirə bilər.


- bu gün Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisi Qurban Qurbanovun 54 yaşı tamam olur. Belə bir şəxsiyyətlə eyni dövrü paylaşmağımızın, onun işini canlı görməyimizin dəyərinin uzun illər sonra anlayacağıq. Təbriklər, böyük insan!