“Sumqayıt” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, üç gün öncə “kimyaçılar”ın düşərgəsinə yeni futbolçu qoşulub. Söhbət Emin Safixanovdan gedir. 22 yaşlı sol cinah müdafiəçisi “gənclik şəhəri” təmsilçisində baxışdadı. Aleksey Baqa onu bəyənəcəyi təqdirdə komandada saxlayacaq.

Qeyd edək ki, Emin Safixanov karyerası ərzində “Arsenal” (Kiyev), “Zarya”, “Metallist” və “Çayka” klublarında çıxış edib. Onun son komandası “Girnik-Sport” olub. Eyni zamanda aşağı yaş qruplarından ibarət Azərbaycan millisinə də cəlb olunub.

Emin bu mövsüm Ukraynanın ikinci liqasında 15 matçda meydanda olub. Müdafiəçi bu qarşılaşmalarda 1 assistlə yadda qalıb. 180 sm boya malik futbolçu Ukrayna kubokunda da 3 görüşdə meydanda olub. ("Futbol plus")