Sərdar Azmunun inqilab etməsi
- 2022-11-26 11:36
- 2004
İran millisi dünən dünya çempionatının ən gözlənilməz nəticələrindən birinə imza atdı. Karluş Keyroşun çalışdırdığı iranlılar Uelsi 2:0 məğlub etməklə qrupdan çıxmaq yolunda irəliyə doğru böyük addım atdılar. Bəli, razılaşıram ki, Səudiyyə Ərəbistanının Argentinanı, Yaponiyanın Almaniyanı məğlub etməsi də xeyli diqqətçəkəndi. Çünki həm Argentina, həm də Almaniya Uelsdən daha yaxşı, daha iddialı komandadı. Amma İranla bağlı bir məsələ var ki, onu mütləq nəzərə almalıyıq. Həmin məqam da Uels üzərindəki qələbənin qiymətini daha da artırır.
İran millisinin üzvləri İngiltərə ilə oyundan əvvəl dövlət himnini oxumadılar.
Qarşılaşmadan əvvəl İran millisinin kapitanı Ehsan Haysafinin sözləri də komandanın daxilindəki ab-havanın yaxşı olmamasından xəbər verirdi. Haysafi ölkəsində insanların özlərini xoşbəxt hiss etməməsini dilə gətirmişdi. Bununla da dolayısıla olsa da, etirazçılarla həmrəylik göstərmişdi. İngiltərə ilə oyununun nəticəsi də futbolçular üçün sarsıdıcı oldu. İranlıların qapısına hər hücum qolla nəticələndi, sonda 6:2 hesabı qeydə alındı. Vəziyyət o qədər acınacaqlı idi ki, əvəzetmədən meydana çıxan Markus Raşford oyuna daxil olar-olmaz iranıların qapısına yol tapmışdı. Bunun üçün futbolçunun heç formasını tərlətməsinə də ehtiyac olmadı.
Bütün bu baş verənlərdən sonra əksər mütəxəssislər də, azarkeşlər də əlini İran millisindən üzmüşdü. Bu qədər problemin içində çabalayan, ilk oyunda əsas qapıçısını itirən və qapısından 6 top buraxan komanda Uelslə oyuna necə motivasiya tapacaqdı? Təxminlər o yöndə idi ki, İran millisinin futbolçuları dünya çempionatının qalan oyunlarını yola verib, tələm-tələsik geri dönməyə çalışacaqlar. Onsuz da futbolçuların əksəriyyəti Avropanın müxtəlif klublarında oynayır. Dünya kubokunun sonuna qədər qalan vaxtı dəyərləndirmək, istirahət etmək mümkün idi. Amma onlar bütün bu düşüncələri darmadağın edib, proqnozların altını üstünə çevirdilər.
İran millisi Uelsin qapısından iki cavabsız top keçirdi. Futbolçuların göstərdiyi əzmkarlıq, döyüşkənlik isə hamını təəccübləndirdi. Onlar oyunun əvvəllərində riskə gedib, meydanda sərt mübarizə apardılar. Bu mübarizə zaman-zaman kobudluqla da müşayiət olundu. Bəxtləri onda gətirdi ki, hakim bəzən bu ifrat kobudluğa göz yumdu, sarı vərəqə ilə futbolçular üzərində əlavə təzyiq yaratmadı. Uelsli gənclər isə “tələyə” asanlıqla düşdülər, qorxdular ki, qol-qıçlarını sındırıb, uzun müddətə sıradan çıxacaqlar. Sonrası da o oldu ki, iranlılar üstünlüyü ələ alıb, rəqibin üzərində daha tez-tez və böyük qüvvə ilə getməyə başladılar. Heç şübhəsiz ki, bu taktika təcrübəli çalışdırıcı Kalruş Keyroşun da beyninin məhsulu idi. Onun bu planını futbolçuları mükəmməl şəkildə həyata keçirdilər.
İran millisinin üzvlərinin meydanda nümayiş etdirdikləri əsl xarakter və cəsarət nümunəsi idi. Amma bu xarakterin nümayişi təkcə yaşıl meydandakı 90 dəqiqəyə sığmadı. İran millisinin ən tanınmış və istedadlı üzvlərindən olan Sərdar Azmun görüşdən sonra əsl inqilab etdi. “Rubin”də həmyerlimiz Ruslan Abışovla komanda yoldaşı olan Sərdar heç kimdən çəkinmədən kameralara “mən türkəm, türkmənəm, Türkiyəni çox sevirəm, siz mənim canımsız” dedi. Fikrimcə, dünya çempionatının ən cəsarətli açıqlaması, ən böyük inqilabı bu idi. Onun da müəllifi Sərdar oldu. Cəsarətinə heyranıq, Azmun!