Mirça Rednikin “Xəzər Lənkəran”da necə çalışdığı bizim yaxşı yadımızdadır. Onun bizim ölkədə ən yaddaqalan hərəkəti “Neftçi” ilə Respublika stadionunda keçirilən qarşılaşmada baş hakim Anar Salmanovun idarəçiliyinə etiraz əlaməti olaraq papağını yerə çırpması idi. Bu hərəkətinə görə AFFA onu şəxsən Rövnəq Abdullayevin tapşırığı ilə 5 min manat cərimələmişdi. Yəqin ki, dünya futbolunda bu hadisənin analoqu yox idi.


Rumıniyalı Rednik Azərbaycanda çalışarkən “Xəzər Lənkəran”a öz həmyerlilərini daşıması, hamısına da yüksək məbləğdə maaş yazdırması da yaddaşlarımızdan silinməyib. Dərəni xəlvət, tülkünü bəy görən Mirça kluba Rumıniyadan həkim tapmayınca qonşu Moldovaya müraciət etmişdi. İndi adını unutmuşam, amma dəqiq yadımdadır ki, “Xəzər Lənkəran”ın futbolçularının səhhətinin qayğısına həmin vaxt Moldovadan olan həkim qalırdı. İş o yerə gəlib çatmışdı ki, Rumıniya mətbuatı Rednikin Buxarest küçələrində əlində pulla dolu çemodanla gəzdiyini yazırdı. “Xəzər Lənkəran”ın baş məşqçisi qarşısına çıxan futbolçuları uzaq Azərbaycana getməyə razı salmağa çalışırdı. Çoxları Azərbaycanın cənubundakı bu şəhəri tanımadığından razılıq verməsələr də, əsas o idi ki, ortada külli miqdarda pul var idi...


Biz həmin vaxt bu şeylərdən yazanda ağ-yaşıl rənglərə könül verən azarkeşlər bizdən inciyirdilər. Onlara elə gəlirdi ki, biz “Xəzər Lənkəran”ın inkişafını, uğur qazanmasını istəmirik. Biz deyirdik ki, bu cür uğur qazanılmaz, pullar havaya sovrulur, nəticə olmayacaq. Zaman bizi haqlı çıxardı. İndi lənkəranlı azarkeşlər ötən günləri nostalji hissləri ilə xatırlayır. Pullar da getdi, zaman da. Ortada qürrələnəsi nəticə olmadı. Rednik və bir qrup rumın futbolçu “Xəzər Lənkəran”ın sayəsində yaxşıca varlandı. 


Məşhur təmsillərin birində tülkünün dilindən yazılır ki, “ədalətli bölgü”nü dərisi soyulmuş yoldaşından öyrənir. Təəssüflər olsun ki, “Kəpəz” rəhbərliyi (onların kim olduğunu heç bilən də yoxdur) bu təmsili oxumayıb. Oxusaydılar, Redniki yenidən Azərbaycana gətirməyə çalışmazdılar, bu həvəsə düşməzdilər. Hansı uğuruna görə Redniki bu şərəfə layiq görürlər? Deyək ki, Rednikə Azərbaycanda işləməyə imkan verməyiblər. Bəs ondan sonra nə olub? Adam ötən 25 ildə 25 klubda çalışıb, heç birində də uzun müddət duruş gətirməyib. Heç hansısa böyük uğur qazanmasından da söhbət gedə bilməz. Pis odur ki, hazırda çalışdığı klubu mətbuatda biabır etməkdən, pulsuzluqdan şikayətlənməkdən də çəkinməyib. Belə hallar peşəkar futbolda etik sayılmır.


Bir vaxtlar onun haqqında rəvayətlər danışırdılar. “Xəzər Lənkəran” milyonçulardan qurulmuş heyətlə uğur qazana bilmirdi, deyirdilər ki, Rednik çox yaxşı adamdır, klubdakı süpürgəçilərə pul paylayır. Adam burda qazandığı milyonların qəpik-quruşundan texniki işçilərə paylamaqla qəhrəman olurdu. Deyəsən, həmin rəvayətlər Redniki “Kəpəz”i gətirməyə çalışanların xatirələrində silinməz izlər buraxıb, ona görə də bu fikrə düşüblər. Başqa izah tapa bilmirəm. Azər Bağırovu yola salıb, Redniki “Kəpəz”ə gətirmək normal düşüncə məhsulu ola bilməz.