"Qarabağ"ın son sınağı Niderlandda başlayır - şərh
- 11:33
- 27
"Qarabağ" Niderlanddadır.
Bu gün təmsilçimiz Konfrans Liqasında əsas mərhələyə yüksəlmək üçün son addımlarını atmağa çalışacaq. Səfər matçıdır, rəqib "Tvente"dir. Asan olmayacaq.
Adətən oyunöncəsi müzakirələrdə rəqibin analizinə daha çox yer verirdik. İş elə gətirib ki, bu gün onlar yox, özümüzün vəziyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki itkilərimiz var.
Zubirin ani gedişi, Elvinin də zədələnməsindən sonra sol cinahda ümid Sefasa idi ki, o da "Şamaxı" matçında oyunu yarımçıq tərk etdi. Tam hazır olmasa - ki, baş məşqçi buna işarə vurdu - onun yerində kimin oynayacağı əsas sualdır. Muaddib, Kadi, bəlkə Montiel? Niyə bu cinah bu qədər vacibdir? Çünki rəqibin əsas gücü sağ cinah oyunçularının performansındadır. Məhz bu tərəfdən hücuma daha çox gəlirlər, burada daha aktivdirlər, eyni zamanda müdafiədə əsas boşluğu da buradan verirlər. Özünün sol tərəfi - arxa və öndə - güclü olan komanda "Tvente"yə ciddi başağrı ola bilər. Heyf ki, hazırda bu silahımızdan tam istifadə edə bilmirik. Sağ tərəfimizdə də Makreçkisin cəzalı olması planları pozur.
"Tvente" niderland futbolunun ənənəvi taktikası 4-3-3-ə üstünlük verir. Hücuma hamılıqla gedirlər, cinahlardan çox istifadə edib daha çox asmalar, bəzi hallarda isə müdafiənin arasına girərək orada duruma görə davranırlar. Rəqib hücum komandasıdır. Çox aludə olurlar buna. Ön xətdəki oyunçuları - Veqhorst, Lammers, Hesselinkin boyları 190 sm-dən çox olduğundan bu məqamdan istifadə etməyə cəhd edirlər. Oyunlarını izləyəndə hərdən elə fikir yaranır ki, sanki bu komandanın "cinaha get, ordan asma elə" planından başqa planları yoxdur. Hər halda, ilk fikirləri bu olsa da, rəqibin cərimə meydançasında çoxluq təşkil edirlər, dönən toplarda, dirək yaxınlığında ərazidə effektiv və təhlükəli olmağa çalışırlar. Xülasə, "Tvente"nin hücumu yaxşıdır. Əvəzində müdafiələri zəifdir. Yuxarıda da qeyd etdik ki, çox irəli getdiklərindən xüsusilə cinahlarda boşluq verirlər. Mərkəz müdafiəçiləri də güclü deyil, ləngdirlər, səhvlərə yol verirlər.
Plan sadədir: "Qarabağ" müdafiədə diqqətli oynayıb kobud səhvə yol verməsə, Niderlanddan sərfəli nəticə ilə qayıda bilər. Hücuma atılıb "səndən çox vuracam" fikri yaxşı fikir olmaya bilər. Çünki hazırda əlimizdə bu ideyanı həyata keçirəcək oyunçu ehtiyatımız yoxdur. Heyətdə itkilər var, ehtiyat qüvvə azdır. Yaxşı müdafiə olunub, yaxşı əks-hücumlar edərək istəyə nail olmağımız daha məntiqli görünür.
"Rəqib "Tvente"dir deyib, narahat olmağa da dəyməz. Ötən il liqalarında "Ayaks" və AZ bərbad mövsüm keçirməsəydi, enshedelilər heç 4-cü də olmayacaqdılar. Bu yay Avropa Liqasından başlayıb 10 nəfərlə qalan "Ferensvaroş"a qalib gələ bilməyən də bu komandadır. DAK 1904-ə bir matçda 6 top vurmaları da çox şişirdilməməlidir. Onlara bizim "Zirə" də 4 top vura bilmişdi. Yəni ruhdan düşməyə, çəkinməyə dəyməz. Normal nəticə ilə Bakıya dönüb, cavab matçında turu keçmək olar. Mümkünsüz heç nə yoxdur.
Start heyətimiz maraqlıdır. Qapıda böyük ehtimalla, Zlomisliç dayanacaq. Müdafiədə cinahlarda Lanqa və Silva, ortada isə Varkonyi və sürpriz Mustafazadə ola bilər. Orta xətdə dayaqda Yankoviç və Bikalyo olacaq. Sefas hazır olsa, solda o, olmasa, Muaddib oynaya bilər. Kadinin ortada, Kaşukun sağda, Musanın isə hücumda yer alması ehtimalını irəli sürə bilərik.
Uğurlar "Qarabağ"!