Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bir neçə gün sonra start götürəcək Avropa çempionatına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın kapitanı Ayşən Abduləzimova yarışla bağlı fikirlərini bölüşüb.

Kapitanımız qitə birinciliyinə hazırlıq prosesindən danışıb: “Avropa çempionatının başlanmasına bir neçə gün qalsa da məşqlərimiz sıx qrafiklə davam edir. Bildiyiniz kimi, bir neçə yoxlama oyunumuz oldu. Bu oyunlarda komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük. Bu problemləri aradan qaldırmaq üçün məşqlərdə maksimum çalışırıq, məşqçilərin taktiki və texniki tapşırıqlarını oyunumuzda tətbiq edirik”.

A.Abduləzimova doğma meydan amilinin xüsusi əhəmiyyət daşıdığını bildirib: “Öz evimizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür. Lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əvvəl də dediyimiz kimi, əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz oyunçular da bunun üçün əlimizdən gələni edəcəyik”.