“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas KuPS-la oyundan sonra əsas futbolçulardan birinin meydanda olmaması barədə belə demişdi: “Maluda bu gün fiziki və mental cəhətdən hazır deyildi”. Maludanın ətrafında yaranmış müəmma hələ də davam edir. Halbuki, KuPS-la oyunda “Sabah”ın onun köməyinə çox ehtiyacı var idi. Xüsusən də yaradalın qol imkanlarının sağa-sola xərclənməsi mərhələnin taleyinin Bakıda həll olunmasına imkan vermədi.


Hamımız gördük ki, KuPS Uels çempionu “Nyu Seynts” deyil, bu rəqiblər arasında ciddi səviyyə fərqi var. Düzdür, “Sabah” heyətindəki legionerlərin səviyyəsinə görə hər iki komandadan üstündür. Heç də təsadüfi deyildi ki, həm Uels, həm də Finlandiya çempionu ilə oyunlarda təmsilçimiz favorit sayılırdı. “Sabah” “Nyu Sents”i artıq yolundan kənarlaşdırıb. KuPS-la Bakıdakı oyunda isə qalib gəlmişik. Amma hesab xeyli “sürüşkən”dir. 1:0 hesabı “Sabah”a böyük üstünlük vermir. Səfərdəki oyunda qapımıza vurulacaq bir qol vəziyyəti kökündən dəyişə, psixoloji üstünlüyün rəqib tərəfə keçməsinə səbəb ola bilər.


Bəs belə çətin məqamda Maluda “Sabah”a niyə kömək etmir? Yaxud da etmək istəmir?! Dambrauskas “fiziki və mental hazırlıq”dan bəhs edir. Bunun izahatı çox sadədir. Futbolçunun fikri başqa yerdədir. Rəsmi şəkildə açıqlanmasa da, fransalı futbolçunun “Bazel”ə keçmək istədiyi barədə məlumatlar yayılıb. İsveçrə klubu 20 yaşlı futbolçunu heyətinə qatmağı arzulayır. Amma “Sabah”la “Bazel” arasındakı danışıqlar hələ bitməyib. Daha doğrusu, transfer üçün qarşı tərəfin təklif etdiyi məbləğ “Sabah”ı qane etmir, ona görə də rəhbərlik futbolçunu buraxmır.


Heç kim “Sabah” rəhbərliyini qınaya bilməz. Maluda gənc azərbaycanlı futbolçu deyil ki, klubdan onu pulsuz buraxmasını istəyək, təki getsin xaricdə oynasın, səviyyəsini yüksəltsin. 2025-ci ilin sentyabrında “Lill”dən icarəyə götürülən Maluda “Sabah”da özünü yenidən tapdı, istedadını göstərdi. “Sabah”ın heyətindəki parlaq çıxışı olmasaydı, indi ona “Bazel”, “Seltik” kimi klublar göz qoymazdı. “Sabah” rəhbərliyi məhz bu günləri görüb, futbolçuyla 4 illik müqavilə bağlayıb və indi də Maludanın keçidindən iki milyon avro qazanmağa çalışır. Avropanın “Bazel” səviyyəsindəki klubları üçün iki milyon heç də fantastik məbləğ deyil. Bir sözlə, “Bazel” Maludanı heyətinə qatmağı ciddi şəkildə istəsə, bu pul ödənəcək və keçid baş tutacaq. Biz də Maludaya uğurlar arzulayacağıq.


Məni təəssüfləndirən futbolçuların belə vacib məqamlarda vəfasız davranış sərgiləməsidir. Maludadan “Sabah”la olan müqavilənin şərtlərini yerinə yetirməsini tələb etməkdə tam haqlıyıq. Bir də məsələnin mənəvi tərəfi var axı. Qoy danışıqlarla menecerlər məşğul olsun, sənsə müqavilə ilə məxsus olduğun kluba öz köməyini göstər. Masazırdakı oyunda meydana çıxmayan fransalının Finlandiyada oynayıb-oynamayacağını bilmirəm. Ümid edirəm ki, vicdanı onu narahat edəcək, gedərayaq olsa belə, “Sabah”dan köməyini əsirgəməyəcək. Üç il bundan əvvəl eynisini Coy-Lens Mikels etmişdi. Ərəblərin sərfəli təklifi qarşısında “əriyən” futbolçu “Partizan”la çətin sınaqlarda meydana çıxmamışdı. Nəticəsini də gördük. Mikels özü də əli-ətəyindən uzun geri qayıtdı, yenidən “Sabah”da oynamağa başladı. Maluda da bundan dərs götürməlidir. Ya “Sabah”ın çörəyinin duzu yoxdur, ya da onun formasını geyinən legionerlərin vəfası. Başqa söz tapa bilmirəm.