Millinin evdə məğlubiyyətinə görə ən çox qınanan və tənqid olunanlardan biri də Mahir Əmrəli oldu. Bunun da səbəbi məlumdu. Çünki “Qarabağ”ın futbolçusu gərək olmadan, çox yersiz yerdə, meydançanın mərkəzində, özü də lehinə cərimə zərbəsi verildiyi bir epizodda rəqibə təpik ataraq meydançadan qovuldu və komandasını azlıqda qoydu. Qırmızı vərəqə də haqlı idi, Mahirə yönələn tənqidlər də.

Ötən gün Premyer Liqanın II turu çərçivəsində “Keşlə” – “Qarabağ” matçını izləyirdim. Oyunun gedişində demək olar ki, Azərbaycan – Lüksemburq matçında Mahirin yaşadığı epizodun oxşarı olan epizod yaşandı. İkili mübarizədən sonra “Qarabağ”ın futbolçusu Kvabena Ovusu  “Keşlə”nin futbolçusu Şəhriyar Əliyevə təpiklə zərbə endirdi. Zərbə tam olaraq hədəfə dəyməsə də futbol oyun qaydalarına görə, topsuz epizodda rəqibə bilərəkdən zərbə və zərbəyə cəhdin özü belə, birbaşa qırmızı vərəqə deməkdir. Yəni oyun qaydalarına görə, “Keşlə” – “Qarabağ” matçının baş hakimi Səbuhi Bayramov sözügedən epizoda görə Ovusunu qeyri-şərtsiz meydançadan qovmalı idi. Necə ki, Kris Kavana Mahir Əmrəlini qovmuşdu. Amma Bayramov bunu etmədi və sadəcə, sarı vərəqə ilə kifayətləndi. Ki, bunun özü ciddi nöqsandır və buna görə hakim aşağı bal almalı, növbəti turlarda təyinat almamalıdır. Məsələnin bu tərəfini qoyuram qırağa.

Bunu dəfələrlə demişik ki, bizim hakimlərin bu tipli bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvlər sonradan beynəlxalq oyunlarda futbolçularımızın başında çatlayır. Çünki yerli hakimlər onları bağışladıqca onlar da elə bilir ki, elə belə olmalıdır. Nəticədə beynəlxalq oyunlarda da eyni hərəkəti edəndə bu dəfə əcnəbi hakimlər bunu bağışlamır, yekunda komandalarımız çətin vəziyyətə düşür, məğlubiyyətə düçar olur. Ona görə, hakimlərimiz bu tip epizodlarda qətiyyətli olmalıdır. Qırmızı vərəqəqlik epizodlar varsa, klubun və futbolçunun adından asılı olmayaraq ən sərt cəza verilməlidir. Belə olan halda futbolçularımızın da məsuliyyəti artır, qaydalardan xəbərdar olurlar. Həmin cəzaları burada verməyəndə Mahir Əmrəli kimi futbolçular da çıxıb Avropada analoji təpiyi atır, qırmızı vərəqə alaraq meydançadan qovulur, yekunda komandamız da məğlubiyyətə düçar olaraq 10 milyonluq ölkəni biabır edir...

 

Anar XANLAROV