Kərim Rossi: "Bərabərlik qolunu vura bilərdik"
- 12:15
- 11
"Qəbələ"nin isveçrəli hücumçusu Kərim Rossi "Rekord.az"-a müsahibə verib.
- Premyer Liqanın ilk turunda "Turan"la səfərdə qarşılaşdız və məğlub oldunuz. Oyun barədə fikirlərin necədir?
- Ağır oyun oldu. Ən yaxşı oyunumuzu oynamağa çalışdıq, amma rəqib də güclü idi. Onlar da nahaq yerə ötən mövsüm yüksək pillələrdə qərarlaşmadıqları göstərdilər. Matçın sonlarında çox aktiv idik və bərabərlik qolunu vura bilərdik. Bizim üçün 1 xal da çox yaxşı nəticə olardı. Amma "Turan"a məğlubiyyətə utanmalı deyilik. Dediyim kimi, onlar çox yaxşı komandadırlar. Çempionat təzə başlayıb. Biz bu matçdan nələrsə öyrənməli, yaxşı şeylər çıxarıb daha da güclü olmalıyıq.
- "Qəbələ"də debüt etdin. Ümumilikdə yeni klubun haqqında nə deyə bilərsən?
- Hər şey yaxşıdır. "Qəbələ" Azərbaycanın tanınmış klublarındandır. Vaxtilə avrokubokların qruplarında oynayıblar. Burda oynamaq çox xoşdur. Mənim bura gəlməyimə səbəb klubun mənə xoş münasibəti, böyük diqqət yetirmələri oldu. Burada ən yaxşı oyunu oynamaq, komandanın hədəflərinə çatması üçün əlimdən gələni etməkdir. İnanıram ki, istəyimizə nail olacağıq.
- Bəs mövsüm üçün şəxsi hədəflərin nədir?
- Əsas komandanın hədəfləridir.
- Məsələn, çempionatın bombardiri olmaq...
- İnşallah. Premyer Liqanın ən çox qol vuran oyunçusu olmaq istəyərəm. Bu çox əla olardı. Ancaq yenə də deyə bilərəm ki, mənim üçün əsas olan komandanın uğurudur. Bunun üçün çalışacağam.