İordaniyanı ud, qəhrəman ol!
- 12 Sen 2023 10:23
- 748
Bizim futbolumuzun vəziyyəti elədir ki, xırda şeylərlərdən də çox asanlıqla xoşbəxt oluruq. Xüsusən də milli komanda səviyyəsində. Ötən il yığma komandamız Canni De Byazinin rəhbərliyi altında ardıcıl beş oyunda qələbə qazandı. Həmin o beş qarşılaşmadan üçü Millətlər Liqasına təsadüf edirdi. Biz qələbə qazanmağa başlayanda iş-işdən keçmişdi. Qazaxıstan turnirə əla start vermiş, ardıcıl qələbələrlə qrupu birinci yerdə bitirəcəyinə şübhə yeri qoymamışdı. Motivasiyası azalan Slovakiya Bakıdan apardığı üç xalı bizə səfərdəki oyunda “qaytardı”. Məlum səbəblərdən doğma meydana həsrət qalan Belarusiyanı ikinci hissədə vurulan qollar sayəsində məğlub etdik. Qrupumuzun lideri Qazaxıstan da heç bir turnir hədəfi qalmadığından Bakıya əsas heyət üzvləri olmadan gəldi. Azlıqda qalan qazaxları məhz say üstünlüyü əldə etdikdən sonra məyus edə bildik.
Qələbə seriyasını yoxlama görüşlərində də davam etdirdik. Gücünü bizimlə sınamaq, ehtiyat qüvvəyə Azərbaycanla oyunda baxmaq istəyən Şimali Makedoniya ilə Moldovanı üstələyib, qələbəyə sevindik.
Yaxşı, görək, məğlub etdiyimiz rəqiblər hardadır, biz hardayıq?!
Şimali Makedoniya bir neçə gün bundan əvvəl İtaliyaya qarşı sona qədər döyüşdü. Oyunun gedişində məğlub duruma düşsələr də, sona yaxın Donnarumanı və İtaliya millisinə könül verən azarkeşləri məyus etməyi bacardılar. Maraqlıdır ki, Şimali Makedoniya ilk görüşdə İtaliyanı məğlub etmişdi. İngiltərə, Ukrayna və İtaliya kimi rəqiblərin yer aldığı qrupda böyük hədəflərə can atmaq çətin olsa da, Şimali Makedoniyanın sona qədər mübarizə aparması, asanlıqla təslim olmaması diqqət çəkir. Elə Moldovanın da işləri pis getmir. Moldovanlar güclü Polşa yığmasını məğlub etməyi bacarıblar, Farer adalarından da səfərdə 3 xal alıblar. Bizim gözümüzdə böyütdüyümüz Avstriya ilə yoxlama görüşü keçiriblər və meydandan qollu bərabərliklə ayrılıblar. Deməli, komandanın potensialı heç də pis deyil. Qrupda 8 xalı olan Moldova 2-ci yerdəki Çexiya ilə eyni xala sahibdir.
Qazaxıstan futbolunun hazırda inkişafda olması da göz qabağındadır. Millətlər Liqasındakı uğurlu çıxışın davamı Avropa çempionatının seçmə mərhələsində gəlir. Qazaxlar 12 xal toplayıblar. Qrupun liderlərindən cəmi bir xal geridə qalan qazax qardaşlarımızın Avropa çempionatının final mərhələsinə yüksəlmək şansları heç də az deyil. Maqomed Adıyev mübariz komanda formalaşdırmağı bacarıb. Özünün dediyi kimi, çox danışmağı sevməyən ciddi futbol adamı sözünü meydandan deməyi bacarır. Hazırda bütün Avropa Qazaxıstan millisinin əzmkarlığından, xüsusiylə də Danimarkanı Astanada 3:2 hesabıyla məğlub etməsindən danışır. Onlar həmin oyunda 0:2 hesabıyla geri düşsələr də, son dəqiqələrdə vurulan üç qol sayəsində qələbəni bayram etmişdilər. Düşünürəm ki, bu oyunda qazaxların qazancı təkcə 3 xal olmadı. Komandanın üzvləri özlərinə inam və azarkeşlərin sevgisini qazandılar.
Seçmə mərhələnin oyunlarına qısa səyahət etdik, bu yaxınlarda məğlub etdiyimiz rəqiblərin nəticələrinə, qrupdakı mövqelərinə diqqət yetirdik. Onların harda olduğunu, hansı hədəflər uğrunda mübarizə apardığını gördük. Bəs biz hardayıq? Səfərdəki görüşlərdə qapımızı “aşsüzən”ə döndəriblər. Doğma meydanda Estoniya ilə oyunda məğlubiyyətdən qaçmağımıza, Belçikaya minimal hesabla uduzmağımıza sevinmişik. İndi də kefimizi pozmuruq. Bu gün qəhrəman olmaq, ağrı-acıları unutmağımız üçün əla şansımız var. İordaniyanı uduruq və qəhrəman oluruq. Xoşbəxt olmaq elə asandır ki...