“Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir” - Nəzəriani
- 18:15
- 28
Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir.
Rekord.az xəbər verir ki, bunu çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Oyan Nəzəriani deyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis millinin Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsindəki uğurlu çıxışından danışıb:
"Çox güclü yarış oldu. Çoxlu sayda iştirakçı var idi. Ötən ilin final mərhələsindən sonra iki qızıl medal qazanmışdıq. Elə həmin yarışdan qayıdandan sonra burada söz verdik ki, gələn il 4 çəkidə iştirak edəcəyik. Komanda şəklində də çalışacağıq ki, iddiamızı önə sürək və şükürlər olsun ki, belə də oldu. Bütün çəkilərdə medal qazanıldı. İki qızıl və iki bürünc medal oldu və komanda şəklində də dünya çempionu olduq. Çimərlik güləşində iddialı ölkələrdən biriyik. Burada Azərbaycan Güləş Federasiyasının bizə verdiyi dəstək danılmazdır. Vaxtaşırı təşkil edilən yüksək səviyyəli təlim-məşq toplanışları və müxtəlif yığmaların ölkəmizə dəvət olunması bizim üçün çox faydalı oldu".
O, yarışın final gününün 27 Sentyabr - Anım Gününə təsadüf etdiyini xatırladıb:
"Biz bayrağımızı önümüzə qoyduq və yarışın başladığı gün qeyd etdik ki, bu millətin övladları bu millət üçün canından keçiblər. Biz də bu millətə borcluyuq".
O. Nəzəriani dünyanın ən yaxşı məşqçisi seçilməsinə münasibət bildirib:
"Mükafatı alanda da dedim ki, bu fərdi mükafatdan əlavə, mənim üçün həm də komanda mükafatıdır. Çünki heç bir şəxs təkbaşına büyük uğurlar qazana bilməz. Ona görə də bir daha yarışda iştirak edən tələbələrimizə, iştirak etməyib yığmanın üzvlərinə, məşq prosesində kömək olan tələbələrimizə, yığmanın məşqçilərinə, idmançıların şəxsi məşqçilərinə, Güləş Federasiyasına təşəkkür edirəm".
Yarışı dünya çempionu kimi bitirən Vüsal Əliyev qələbəyə görə sevincli olduğunu deyib:
"Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Məşqçilərimizin rəhbərliyi altında 5 təlim-məşq toplanışı keçdik. Bildiyiniz kimi, ötən il də dünya çempionu olmuşdum. Titulu qoruyub saxlamağı bacardım. Çox sevincliyəm. Qələbəmi şəhidlərimizə həsr edirəm".
Digər qızıl medalçı Əşrəf Aşırov isə Azərbaycan çempionatına köklənəcəyini vurğulayıb:
"Çimərlik güləşinə başlayanda heç bilmirdim məni burada nə gözləyir. Ancaq yığmanın məşqçilərinin iş planını, sistemini və işə yanaşmalarını gördükdən sonra onlara və uğur qazanacağıma inandım. Dünya Seriyasının 5 mərhələsindən 4-də qızıl medal qazandım. Növbəti ilin planını bilmirəm. Hazırda qarşıdan gələn Azərbaycan çempionatına köklənirik. Ondan sonrasını zaman göstərəcək".
Dünya üçüncüsü Camal Feyziyev isə növbəti mövsüm bütün çəkilərdə qızıl medal qazanmaq istədiklərini dilə gətirib:
"Bildiyiniz kimi, Dünya Seriyasına 4-cü mərhələdən başladım və həm Bakıda, həm də Katerinidə qızıl medal qazandım. Yekunda dünya üçüncüsü olmağı bacardım. Söz verirəm ki, gələn il bu medalın əyarını qızıla çevirəcəyəm. İnşallah, növbəti il bütün çəkilərdə dünya çempionu olarıq".
Başqa bir bürünc mükafat qazanan güləşçi Sahib Dadaşov Dünya Seriyasının sonuncu mərhələsinə ötən ildən qoşulduğunu söyləyib:
"Sözsüz, hər idmançı dünya çempionu olmaq istəyər. Son 2-3 ayda zədələr məşqlərdə və yarışlarda çətinliklər yaratdı. Şükürlər olsun ki, mövsümü medalla başa vura bildim. İndi Azərbaycan çempionatına hazırlaşacağam. Bu qələbəmi məndən motivasiya alan tələbələrimə həsr edirəm".
Fəxri kürsünün üçüncü pilləsinə yüksələn Rübail İbrahimli isə gələn il qızıl medal qazanmağı hədəflədiyini bildirib:
"Bu il dünya üçüncüsü oldum. Növbəti il çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Qazandığım medalı bu yaxınlarda dünyasını dəyişən dəyərli məşqçimiz Həsrət Məmmədyarovun ruhuna həsr edirəm".
Qeyd edək ki, Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekununa əsasən, dünya çempionları da müəyyənləşib. Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər.
2 qızıl və 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.