Avqustun 21-də Azərbaycanın da ev sahibliyi etdiyi qadın voleybolçular arasında 34-cü Avropa çempionatının açılış mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir bədii proqramla start götürüb.

Arenada ilk olaraq yarışa həsr edilmiş 10 dəqiqəlik videoçarx nümayiş olunub. Klipdə çempionatın topu Bakıdan yola çıxır, iştirakçı ölkələri simvolik şəkildə birləşdirir və yenidən ev sahibi şəhərə qayıdır. Filmdə başlayan səyahət arenada real topun meydançaya daxil olması ilə davam edib. Real top meydançaya daxil olarkən videoçarx başa çatıb və bədii proqramın növbəti hissəsi başlayıb. Bu hissədə isə meydana daxil olan real topu repçi Clavis götürərək Azərbaycan dilində “Çempionlar” mahnısını ifa edib. Sonra “3D mapping” vasitəsilə meydançada müxtəlif nömrələr nümayiş olunub. Bədii proqram pianoçuların iştirakçı ölkələrin məşhur musiqilərindən seçilmiş qısa fraqmentləri ifa etməsi ilə davam edib. Musiqi bölümünə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekun vurulub. Sonda “3D mapping” kompozisiyası ilə meydançanın mərkəzində çempionatın rəsmi loqosu formalaşdırılıb, bununla da açılış mərasimi başa çatıb.

Daha sonra Bakıda təşkil olunan Avropa çempionatının C qrupunun ilk oyunu başlayıb.

Qeyd edək ki, C qrupunun növbəti oyunları avqustun 22-də olacaq. Sabah Milli Gimnastika Arenasında Belçika-İspaniya və Rumıniya-Niderland qarşılaşmaları baş tutacaq.