Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub. "Rekord.az" xəbər verir ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası, həmçinin AMADA ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.

Görüşün məqsədi gənc idmançıların narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına, eləcə də idman karyerasına mənfi təsirləri barədə məlumatlandırılması olub. AMADA-nın əməkdaşı çıxışında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, habelə dopinqin yaratdığı təhlükələr və qadağan olunmuş maddə və üsullarla mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, mövcud hüquqi mexanizmlər və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, dopinqdən istifadənin yarada biləcəyi fəsadlar, psixoloji problemlər, idmanda ədalətli rəqabət prinsiplərinin pozulması və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar barədə məlumat verilib.

Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi də vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.